news-details

Yaponiya ictimai və işgüzar fəallığı mərhələlərlə bərpa edəcək

Yaponiya bütün ölkə ərazisində fövqəladə vəziyyət rejimi ləğv olunduqdan sonra ictimai və işgüzar fəallığı mərhələlərlə bərpa edəcək.

Bu barədə Yaponiyanın Baş naziri Şinzo Abe mayın 25-də keçirdiyi mətbuat konfransında deyib. Ş.Abe bildirib ki, hökumət koronavirusa yoluxmanın əhatə dairəsini, ölkənin hər bir regionunda xəstəliyin yayılma təhlükəsini nəzərə alaraq, məhdudiyyətləri üç həftə ərzində mərhələlərlə aradan qaldırmağı planlaşdırır.

Bildirilir ki, ilkin olaraq iştirakçıların sayının azaldılması şərti ilə konsertlərin və sərgilərin təşkilinə icazə veriləcək. Hökumət bu zaman məhdudiyyətləri bir neçə mərhələdə aradan qaldırmaq niyyətindədir.

Peşəkar idman oyunları, o cümlədən beysbol və J-liqasının futbol oyunları iyunun 19-da tamaşaçıların iştirakına icazə verilmədən keçirilə bilər. Tamaşaçıların bu oyunları canlı izləməsinə sonradan və mərhələlərlə icazə veriləcək.

Hökumət, həmçinin avqustun 1-dən başlayaraq istənilən idman tədbirlərinin təşkilinə icazə verməyi də planlaşdırır. Lakin bu oyunlara tamaşaçıların sayı stadionlardakı yerlərin 50 faizi miqdarında olmaq şərti ilə icazə veriləcək.

Karaoke və idman zallarında mayın 1-dən işi bərpa etmək nəzərdə tutulsa da, burada da iştirakçıların sayında məhdudiyyətlər olacaq.

Mütəxəssislər tərəfindən müvafiq təhlükəsizlik tədbirləri tam hazırlanmadığına görə canlı musiqinin səsləndiyi yerlərin, həmçinin gecə klublarının açılmasına hələlik icazə verilməyəcək. Onların fəaliyyətinin iyunun 19-dan sonra bərpa olunacağı gözlənilir.

Hibya Xəbər Agentliyi